Uşaq sağlamlığı

Peyvəndlər autizmə səbəb olurmu? Autizmin erkən əlamətləri

Peyvəndlərlə bağlı yanlış fikirlər bəzi valideynlərin peyvənddən imtina etməsinə səbəb olur. Bu yazıda peyvənd–autizm mifinin mənşəyi və autizmin erkən əlamətləri haqqında danışılır.

Peyvənd autizm yaradırmı?

Xeyr. Bu mifin kökü 1998-ci ildə Andrew Wakefield adlı həkimin dərc etdirdiyi məqaləyə gedib çıxır. Məqalədə qızılca, məxmərək və parotit (QPM) peyvəndinin autizmə səbəb ola biləcəyi iddia olunurdu. Sonrakı araşdırmalar bu işin saxta olduğunu göstərdi və məqalə 2010-cu ildə “The Lancet” jurnalı tərəfindən geri çağırıldı.

ÜST, CDC və UNICEF kimi nüfuzlu təşkilatların mövqeyinə və yüz minlərlə uşağı əhatə edən tədqiqatların nəticələrinə görə peyvəndlərlə autizm arasında heç bir əlaqə yoxdur.

Peyvəndlər niyə vacibdir?

Peyvəndlər uşaqları ağır, bəzən ölümcül yoluxucu xəstəliklərdən qoruyur. Xəstəliklərdən qorunmanın ən effektiv yolu vaksinasiyadır və peyvəndlər Milli Peyvənd Təqviminə uyğun, vaxtında aparılmalıdır.

Bəzi valideynlər uşaqda sonradan yaranan narahatlıqları peyvəndin fəsadı kimi qəbul edərək peyvənddən imtina edir. Bir iynədən sonra uşağın ağlamasından narahat olmayın: yoluxucu xəstəliyə tutulub onun ağır nəticələri ilə üzləşməkdənsə, peyvənd olunmaq daha yaxşıdır.

Autizmin hansı əlamətlərinə diqqət etmək lazımdır?

Erkən diaqnoz və dəstək uşağın inkişafına böyük təsir göstərir. Valideyn övladının davranışlarını diqqətlə izləməlidir:

  • göz təmasından qaçma;
  • nitq geriliyi;
  • eyni hərəkətlərin təkrarlanması.

Narahatlığınız varsa, gecikmədən pediatra və ya uşaq psixiatrına müraciət edin. Unutmayın: hər uşaq fərqlidir və hər uşaq sevilməyə, başa düşülməyə layiqdir.

Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?

Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.

Qəbula yazılın