Yenidoğulan və körpə

Yenidoğulanlar haqqında doğru bildiyimiz yanlışlar

Yeni valideynlər körpənin sağlamlığı və baxımı ilə bağlı çox sual verir. Aşağıda ən çox yayılmış yanlış fikirlərə qısa cavablar toplanıb.

Körpə hər bez dəyişəndə kaka edir — ishal olub?

Mütləq deyil. Yenidoğulan körpə gün ərzində 4–9 dəfəyə qədər kaka edə bilər və bu, onun yaxşı qidalandığının göstəricisidir. Nəcisin rəngi sarı, yaşıl və ya qəhvəyi ola bilər — bu, normaldır.

Körpə tez-tez asqırır — xəstələnib?

Xeyr. Yenidoğulan ilk aylarda burundakı seliyi xaric etmək üçün gün ərzində 5–10 dəfəyə qədər asqıra bilər. Burunun təmizlənməsi üçün dəniz suyu damcıları və ya fizioloji məhlul (NaCl 0,9%) gündə 2–3 dəfə istifadə oluna bilər. Burunda tıxanma olduqda nazal aspirator tövsiyə olunur.

Sarılığı var — şirin su verək?

Qətiyyən yox. Şirin su körpənin bağırsaq mikroflorasına zərər verir və sarılığı keçirmir. Fizioloji sarılıq çox vaxt 3–4-cü gündən başlayır və 2 həftəyə qədər davam edə bilər. Bu dövrdə körpəni tez-tez döşə vermək lazımdır.

Sarılıq artırsa, körpənin əmməsi, qida qəbulu və ya sidik ifrazı azalırsa, gecikmədən həkimə müraciət edin. Lazım olduqda müalicəni, məsələn fototerapiyanı, həkim təyin edir.

Yenidoğulanı tez-tez çimizdirmək onu xəstələndirər?

Xeyr. Körpə çimizdirməkdən deyil, xəstə insanla təmasdan xəstələnir. Yaz-yay aylarında körpəni hər gün, qış aylarında isə həftədə 3 dəfə çimizdirmək tövsiyə olunur.

Körpənin əlinə mütləq əlcək geyindirmək lazımdır?

Xeyr. Yenidoğulan ilk gündən ətrafı toxunaraq hiss edir. Əlcək körpənin dünyanı tanımasına, dərk etməsinə və qavramasına mane olur.

Gözündə sarımtıl ifrazat var — ana südü damızdıraq?

Xeyr. Yenidoğulanlarda gözyaşı-burun kanalı ilk günlərdə tutula bilər və düzgün masaj kanalın açılmasına kömək edə bilər. Doğru addım göz həkiminin müayinəsi və tövsiyəsidir. Həkim təyinatı olmadan gözə heç bir damcı və ana südü damızdırmayın.

Üzündə səpgi var — deməli, allergiyadır?

Həmişə yox. Yenidoğulan dövrünün ilk həftələrində görünən bəzi səpgilər normal haldır, öz-özünə keçir və müalicə tələb etmir. Belə səpgilərə görə lazımsız kortizollu kremlərə, pəhrizə və ya antibiotiklərə başlamaq düzgün deyil. Səpginin xarakterini həkim qiymətləndirməlidir.

Körpəni sıx bələmək lazımdır?

Körpəni, xüsusilə ayaqları düz vəziyyətdə, sıx bələmək tövsiyə olunmur — bu, bud-çanaq displaziyası (bud-çanaq çıxığı) riskini artırır. Ayaqları sərbəst qalmaqla yalnız qolları bələmək olar.

Əl-ayağında mərmərvari görüntü var — təhlükəlidir?

Yenidoğulanlarda əl-ayaqda mərmərvari dəri görüntüsü (cutis marmorata) çox vaxt fizioloji haldır və müalicə tələb etmir. Daha böyük uşaqlarda bu görüntü ən çox hərarət yüksələndə müşahidə olunur. Uşaqda heç bir xəstəlik olmadığı halda dəridə mərmərvari görüntü yaranırsa, pediatr və uşaq kardioloqu tərəfindən müayinə olunmalıdır.

İlk süd (kolostrum) körpəyə verilməməlidir?

Bu, köhnə və yanlış inancdır. İlk günlərdə gələn kolostrum körpə üçün çox faydalıdır və onu “körpənin ilk peyvəndi” də adlandırırlar. Ana südü körpəni ishaldan, tənəffüs və sidik yolu infeksiyalarından qorumağa kömək edir, ana ilə körpə arasında psixoloji yaxınlığı gücləndirir.

Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?

Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.

Qəbula yazılın